Azərbaycanda yaradılan “Azərbaycan Biznesinin İnkişafı Fondu”nun əsas məqsədi iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafını dəstəkləmək və sahibkarlara maliyyə dəstəyi göstərməkdir. Bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov öz rəsmi Facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, hazırda sahibkarlar və xüsusilə də regionlardakı iş adamları üçün kredit əldə etmək çətindir. Mərkəzi Bankın məlumatına görə, bankların 15 milyard 206 milyon manat təşkil edən kredit portfelinin 11 milyard 890 milyonluq hissəsi Bakı şəhərində verilib. Bu o deməkdir ki, ayrılan kreditlərin cəmi 22%-i regionların payına düşür.
Vüqar Bayramovun dediyinə görə, Fondun yaradılması biznesin dəstəklənməsi baxımından irəliyə atılan daha bir addım hesab olunur və sahibkarlığın maliyyələşdirilməsinə xüsusi təkan verəcəyi gözlənilir.
Xatırladaq ki, 11 oktyabr tarixində “Azərbacan Biznesinin İnkişafı Fondu”nun yaradılması barədə fərman imzalanıb. Fond “Sahibkarlığın İnkişafı Fondu” və “Azərbaycan İnvestisiya Şirkəti”nin birləşməsi nəticəsində yaradılacaq.