Azərbaycan buğda tələbatının 60%-ı təmin edə bilir. Buna səbəb ölkədə torpaq ehtiyatlarının məhdud olması və taxılın cəmi 1 milyon hektar ərazidə əkilməsidir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov Report-a bildirib.
“Bundan çox əkə bilmirik. Əsas məqsədimiz məhsuldarlığı artırmaqdır. Əgər əvvəllər 1 milyon hektardan 3 milyon ton taxıl götürülürdüsə, indi 3,14 milyon tona çatdırmışıq. Biz müasir və tez yetişən, iqlimə davamlı növlərlə artıma nail olmaq istəyirik”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.
Vüqar Hüseynov əlavə edib ki, çox az ölkə özünü 100% buğda ilə təmin edə bilir. Bele ölkələr sırasında o Rusiya, Qazaxıstan, Ukrayna və Kanadanın adlarını çəkib.
Azərbaycanda 2021-ci ildə sahələrdən 2 milyon tona yaxın buğda yığılıb. Buğda istehsalında ən yuksək göstəricilər Şəkil, Cəlilabad və Kürdəmir rayonlarına məxsusdur.