“Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Gələcəkdə digər beynəlxalq məhkəmələrdə də tərəfimizdən Ermənistana qarşı iddialar qaldırılacaq”. Bu haqda XİN nümayəndəsi Leyla Abdullayeva oktyabrın 12-də bildirib.
Onun sözlərinə əsasən, postmünaqişə dövründə təbliğat işi daha da gücləndirilməlidir.
"Bugün biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq. Münaqişənin bitməsi müharibənin bitməsi demək deyil", - deyə Leyla Abdullayeva vurğulayıb.
Daha öncə, cari ilin yanvar ayında Azərbaycan Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Ərizədə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə azərbaycanlıların işgəncəyə məruz qalması, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılıb.
Sentyabrın 23-də isə Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək İrəvanı irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozmaqda ittiham edib.
Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyanın hesablanma qaydası 4 mühüm istiqamət üzrə həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını və evlərini itirməsi nəticəsində dəyən ziyan, iqtisadi ziyan və insan inkişafına vurulan ziyan.