Dünən, noyabrın 12-də Azərbaycanın futbol üzrə milli komandası 2022-ci ilin Dünya Çempionatının seçmə mərhələsinin son oyununu keçirib. Milli komanda evdə Lüksemburq seçməsinə 1:3 hesabı ilə məğlub olub.
Lüksemburq oyunun 67 və 90+1-ci dəqiqələrində Rodriqesin və 78-ci dəqiqədə Tilin qolları ilə qələbə qazanıb. Azərbaycanın yeganə qolunu qarşılaşmanın 82-ci dəqiqəsində Azər Salahlı vurub. Oyunun 21-ci dəqiqəsində Tellur Mütəllimov qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Beləliklə, Azərbaycan komandası 8 oyuna 1 xal yığaraq qrupda sonuncu yerdədir. Seçmə mərhələdə 5 top vuran milli öz qapısında 18 qol görüb.
Qrupun digər oyununda İrlandiya ilə Portuqaliya qolsuz heç-heçə edib.