Azərbaycan Turizm Bürosu (ATB) dünyaca məşhur “Expedia” platforması ilə əməkdaşlığa başlayıb. Bu barədə 6 sentyabr tarixində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Əməkdaşlıq çərçivəsində “expedia.com” və “hotels.com” saytlarında Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri barədə məlumatlar yerləşdirilib. Hədəf auditoriyası Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, Rusiya və İsrail təyin olunub.
ATB-nin baş icraçı direktoru Florian Zenqstşmidin sözlərinə görə, “Expedia” ilə yanaşı, “Skyscanner”, “Wego”, “Aviasales” platformaları ilə də əməkdaşlıq edilir. Onun dediyinə görə, "Expo 2020 Dubai" sərgisində “Azərbaycan həftəsi” adı altında 4 turizm marşrutu üzrə təkliflərin tanıdılması nəzərdə tutulub.
“Expedia” platformasının əsası 1996-cı ildə ABŞ-da qoyulub. Platforma 112 milyondan çox aylıq ziyarətçi sayına malikdir. Onun tərkibində 200-dən artıq vebsayt fəaliyyət göstərir. “Expedia.com” və “hotels.com” vebsaytlarının aylıq ziyarətçi sayı isə müvafiq olaraq 48 və 30 milyon təşkil edir.