Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşü qarşı tərəfin törətdiyi təxribat səbəbindən baş tutmayıb. Bunu dekabrın 4-də Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Leyla Abdullayeva açıqlayıb.
Bildirilir ki, dekabrın 3-də nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan parlament üzvlərinin Azərbaycanın ərazilərinə qanunsuz səfər etmələri ilə bağlı məlumat yayılıb.
“Azərbaycan tərəfi buna cavab olaraq, iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi. Münasibətlərin normallaşdırılması üçün atdığımız addımlara rəğmən, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir”, - deyə qurumun rəsmisi vurğulayıb.
Post müharibə dövründə iki ölkənin XİN başçılarının ümumilikdə üç görüşü keçirilib - Nyu-Yorkda, Minskdə və Parisdə.