Bugün, noyabrın 12-də Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatına start veriləcək. İlk turda Azərbaycanın kişilərdən ibarət komandası İtaliya ilə, qadınlar isə Türkiyə ilə qarşılaşacaq.
Kişilərdən ibarət komandanın heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva çıxış edəcək. Kapitanlar müvafiq olaraq Eltac Səfərli və Fikrət Sideifzadə olacaq.
Qeyd edək ki, 9 turdan ibarət olan çempionat noyabrın 21-də başa çatacaq. İştirakçılar arasında 3-qat Avropa çempionu olan kişilərdən ibarət Azərbaycan millisi 2717 xalla reytinqdə ikinci, qadınlardan ibarət komanda isə 2383 xalla beşinci pillədədir.