Azərbaycana 2021-ci ilin yanvar-iyul aylarında xaricdən 103 milyon dollar dəyərində 409 min tona yaxın buğda idxal edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub.
2020-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən buğdanın həcmi 6% azalıb, dəyəri isə 10% artıb. Bu o deməkdir ki, məhsulun idxal həcminin azalmasına baxmayaraq onun dəyəri artıb.
“Pandemiyaya görə, cari ildə dünyada əsas buğda istehsalçıları olan ölkələrdə buğda tədarükündə kəskin azalma gözlənilirdi. Hətta iri buğda istehsalçısı kimi tanınan ölkələr buğda ixracında müəyyən məhdudiyyətlər həyata keçirmişdir”, - iqtisadçı-ekspert Pərviz Heydərov Report-a bildirib.
“Ölkədə müəyyən sahibkarlar yerli buğdanın keyfiyyətinin aşağı olmasına görə buğda idxal edirlər. Görünür ki, bu il dünya bazarlarında buğdanın satış qiyməti həmin sahibkarlara uyğun olmayıb və bu da idxalın azalmasına səbəb olub”, - deyə expert əlavə edib.
Digər ekspert Taleh Qasımov isə taxılın satış qiymətinin artmasını son illər dünyada quraqlığın hökm sürməsi ilə əlaqələndirib. O həmçinin qeyd edib ki, yerli istehsal olan buğda çox keyfiyyətlidir və heç də idxal edilən buğdadan geri qalmır.
2021-ci ilin ilk yarımilliyində Azərbaycana 400 min tondan çox buğda idxal olunub. Statistikaya əsasən, Azərbaycana ən çox buğda ixrac edən ölkə Rusiyadır.