2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan 408 min ton buğda idxal edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 26 min ton, 2019-cu ilin göstəricisilə müqayisədə isə 245 min ton azdır. İdxal buğdasının son illərdə azalması dünya bazarlarında buğdanın qiymətinin yüksəlməsi və aqroparkların işinin sürətləndirilməsi ilə əlaqələndirilir. Bu barədə 28 avqust tarixində Milli.Az Real TV-yə istinadən xəbər verib.
2020-ci ilin avqustunda dünya bazarlarında buğdanın bir tonu 190 dollara satılırdısa, bu il buğdanın qiyməti 270 dollar təşkil edir. Bu isə öz növbəsində yerli maldan istifadəyə meylləndirir.
Lakin xırda torpaq sahibləri buğda əkməyə maraqlı deyil. Fərdi fermerlər bir hektardan maksimum 2 ton buğda götürə və satışından təqribi 800 manat əldə edə bilirlər. Eyni sahədə kartof əkməklə isə 8 ton məhsul əldə edib 4000 manat qazanmaq olar.
Bu səbəbdən də Azərbaycanın idxal buğda asılılığının azaldılması üçün iri təsərrüfatlara əhəmiyyətli yük düşür.
Hazırda Azərbaycanda 32 rayon üzrə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Onlardan 43-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Ölkədə fəaliyyət göstərən aqroparklarda ümumi olaraq 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. Ötən il aqroparklarda 124 min ton buğda istehsal olunub.