Azərbaycanda bəzi işədüzəltmə agentlikləri dələduzluqla məşğuldur. Bu barədə 1 noyabr tarixində hüquqşünas Əlövsət Allahverdiyev Trend-ə açıqlamasında bildirib.
Ə.Allahverdiyevin sözlərinə görə, bəzi işədüzəltmə agentlikləri işsiz insanların inamından istifadə edərək dələduzluq edir: “İşədüzəltmə agentliyinə yaxınlaşan insanlara anket verilir ki, bu anketi doldurun, biz sizi işlə təmin edəcəyik. Anketə görə 10-15 manat pul tələb edilir. İnsanlar bilməlidir ki, bu fırıldaqçılıqdır”.
Hüquqşünas bildirib ki, agentliklər işçidən qətiyyən pul almamalıdır, çünki qanunda belə bir maddə yoxdur.
Onun sözlərinə əsasən, xarici ölkələrdə işədüzəltmə agentliyi işə düzələnlərdən deyil, işə götürənlərdən faiz alır: "Azərbaycanda olan işədüzəltmə agentliklərinin əksəriyyəti isə vətəndaş işə başlayandan bir müddət keçmiş hədələyir ki, ilk ayın maaşının yarısını bizə ver. Yoxsa işdən çıxaracağıq. Bütün bunlar qanuni şəkildə araşdırılıb sübuta yetirilməlidir. Şəxsin əməli sübut olunarsa, qanuni şəkildə məsuliyyətə cəlb olunmalıdır".