Cari ildə baramanın subsidiya məbləği və alış qiyməti artırılıb. Bu barədə 11 mart tarixində kənd təsərrüfatı naziri İnam Kərimov Qax rayonunda keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan əlavə, “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Beləliklə, cari mövsümdə baramaçılar tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar.
Qeyd edək ki, tədbirdə 50-yə yaxın baramaçı iştirak edib.