Azərbaycanda gündəmdə olan sosial problemlərdən biri mənzil problemidir. Bu haqda 18 sentyabr tarixində Report.az araşdırma edib.
Hazırda mənzil əldə etmək üçün bir necə üsul mövcuddur. Onlardan biri dövlət xətti ilə verilən ipoteka kreditidir. İpoteka kreditinin 2 növü var. Onların fərqi maksimal məbləğdə, müddətdə və illik faiz dərəcəsindədir.
Mənzil almaq üçün kommersiya banklarının öz vəsaitləri hesabına ayırdığı ipoteka kreditlərindən də istifadə etmək olar. Amma bu məhsul ölkədəki 26 bankdan cəmi 5-də mövcuddur və onun illik faiz dərəcəsi dövlət ipotekası ilə müqayisədə nisbətən yüksəkdir.
İpoteka kreditlərindən istifadə etmək istəməyən şəxslər tikinti şirkətlərinin daxili kreditlərindən yararlana bilərlər. Daxili kreditlər maksimum 20 il müddətinə verilir və onların məbləğinə əksər hallarda məhdudiyyət qoyulmur.
Evə sahib olmağın daha bir mexanizmi isə kirayə mənzildir. İpoteka kreditlərindən fərqli olaraq burada vətəndaş yalnız İpotela və Kredit Zəmanət Fondunun təklif etdiyi mənzillər arasında seçim edə bilir. Kirayə müddəti bitdikdən sonra həmin mənzillər kirayəçinin mülkiyyətinə keçir.
Mövzu barəsində iqtisadçı-ekspert Rəşad Həsənov öz rəyini bildirib.
“Hələ 2016-cı ildə hökümət bəyan edirdi ki, il ərzində ölkədə 30 min yeni mənzilə tələb yaranır. Lakin müstəqil qiymətləndirmələrə görə, hər il qurulan ailələrin 70-80%-nin mənzil problemi var. Bunun üzərinə urbanizasiya və daxili miqrasiyanın təsirləri altında yaranan tələbi də gəlsək rəqəm 60 minin üzərinə çıxır”, - deyə ekspert söyləyib.
Həmçinin Rəşad Həsənovun dediyinə görə, kirayə verilən mənzillər çox bahadır və vətəndaşın mənzil seçmək hüququ belə yoxdur.
Əmlak məsələləri üzrə digər ekspert Elnur Fərzəliyev isə kirayə mənzil mexanizminin əlində pulu az olanlar üçün münasib olduğunu düşünür: “Azərbaycanda evlərin qiyməti kifayət qədər yüksəkdir, odur ki, hər kəs nağd ödəniş edib ev ala bilmir. Məhz buna görə orta gəlirli insanlar üçün kirayə mənzil mexanizmi evə sahib olmaq üçün ən yaxşı vasitədir”.