Azərbaycanın ali təhsil məktəblərində ən aşağı təhsil haqqı 1000, ən yuxarı təhsil haqqı isə 8500 manat təşkil edir. Bu barədə məlumat 8 sentyabr tarixində Trend-in apardığı araşdırmada əks olunub.
Araşdırmaya əsasən, ölkəmizdə ən bahalı ali təhsil müəssisələri Azərbaycan Diplomatik Akademiyası (6000-8500 manat), Bakı Ali Neft Məktəbi (4500 manat), Xəzər Universiteti (4000-5000 manat), Tibb Universiteti (4000-4500 manat) və Bakı Musiqi Akademiyasıdır (2000-3500 manat).
Bakı Dövlət Universitetində fərqli ixtisaslar üzrə illik təhsil haqqı müxtəlifdir, ən bahalı ixtisas isə hüquqşünaslıqdır. Bu ixtisas üzrə qiyabi təhsil haqqı 3600 manat, əyani təhsil haqqı isə 4500 manat təşkil edir. Rəssamlıq Akademiyasında dizayn ixtisası da bahalı ixtisaslar sırasındadır. Sözügedən ixtisas üzrə illik təhsil haqqı 3000 manatdır.
Azərbaycanda minimum təhsil ödənişi Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Zaqatala filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialındadır.