Avqustun 30-da Yardımlı rayon Mirimli kənd ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə məşğul olan kənd sakini saxlanılıb. Baxış zamanı onun evinin həyətində 52,049 kiloqram heroin, 328 qram marixuana, 2,585 kiloqram psixotrop maddə metamfetamin və 300 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbi aşkar olunub. Bu haqda DİN məlumat verib.
Narkotiklərin onlayn yolla satışını təşkil edən daha iki nəfər bu gün Abşeron rayonu ərazisində polis tərəfindən saxlanılıb. Axtarış zamanı bu şəxslərin üzərində ümumilikdə 132 qram heroin aşkar edilib. Şəxsi avtomobilə baxış zamanı əlavə olaraq 10,490 kiloqram heroin, 3,360 kiloqram marixuana, 200 qram tiryək, 1,440 kiloqram psixotrop maddə olan metamfetamin və 200 ədəd metadon həbi aşkar olunub.
Beyləqan rayonunda avqustun 30-da narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb. Saxlanılan zaman onların üzərindən 45 qram heroin aşkar edilib. Əlavə olaraq qohumlarının evindən 16,325 kiloqram heroin, 2,515 kiloqram marixuana və 1,280 kiloqram psixotrop maddə olan metamfetamin aşkar olunub.
Polis əməkdaşlarının paytaxtın Yasamal, Səbail və Biləsuvar rayonları ərazilərində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqramdan artıq heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.