Azərbaycanda son üç ayda 18 qadın qətlə yetirilib. Bu barədə noyabrın 25-də Baş Prokurorluğundan məlumat verilib. 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Xəsarət alanların sayı isə 24 təşkil edib.
BMT noyabrın 25-ni Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Təşkilatın Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Qada Fəthi Vali bildirir ki, dünyada hər 11 dəqiqədə bir qadın və ya qız ailə üzvləri tərəfindən öldürülür.
Ölkəmizdə 2010-cu ildən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun tətbiq edilir. Qanuna əsasən, zərərçəkmiş şəxsə mühafizə orderi verilə bilər. Order məişət zorakılığını törətmiş şəxsə zərərçəkənə qarşı narahatlıq gətirən hərəkətlərin edilməsini qadağan edir.
Statistikaya əsasən, bu il məişət zorakılığı ilə bağlı cinayətlərin sayı əvvəlki illə müqayisədə təxminən 25% artıb. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.