BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ərəfəsində ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilib. Bu haqda oktyabrın 20-də Ombudsman Səbinə Əliyeva məlumat yayıb.
Məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.
"Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir”, - deyə Ombudsman bildirib.
Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə müvafiq dövlət qurumlarına tədbirlərin görülməsi tapşırılmışdır.
“Uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu “Uşaq hüquqları aylığı”na qoşulmağa dəvət edirəm və uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırıram. Gəlin bütün uşaqların parlaq gələcəyi naminə səylərimizi birləşdirək”, - Səbinə Əliyeva vurğulayıb.