İran Ərdəbil vilayətinin Aslanduz rayonunda Azərbaycanla yeni sərhəd-gömrük məntəqəsini açmaq niyyətindədir. Bu barədə İranın Ərdəbil vilayətinin valisi Hamed Amiliyə istinadən 27 dekabr tarixində Trend məlumat verib.
Onun sözlərinə görə, yeni məntəqə iki ölkənin məhsul tranziti sahəsində münasibətlərinin inkişaf etməsinə köməklik göstərəcək. Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, gömrük-sərhəd məntəqəsinin açılması ilə əlaqədar məsələyə hökumət qərar verir. Nazirlər Kabinetindən isə hələki sorğuya cavab verilməyib.
Ərdəbil valisi əlavə edib ki, İranın Aslanduz rayonunda Araz çayı üzərində Azərbaycanla sərhəddə yeni körpünün inşa olunacağı ilə əlaqədar ilk addımlar atılıb.