Cari ildə azad edilmiş ərazilərin yenidən qurulmasına 1,3 milyard dollar ayrılıb. Bunu oktyabrın 13-də Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
Ölkə başçısı qeyd edib ki, səkkiz aya inşa edilmiş Füzuli Hava Limanı artıq ilk təyyarələri qəbul edib. O, hazırda daha iki hava limanının, avtomobil və dəmir yollarının inşasının davam etdiyini bildirib.
Prezident vurğulayıb ki, İtaliya yenidənqurma işlərinə cəlb edilib və italyan şirkətləri müxtəlif layihələrdə iştirak edir. Bir italyan şirkəti bölgənin enerji təminatı məsələsi ilə bağlı Azərbaycanla müqavilə imzalayıb. Digər italyan şirkəti isə kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırıb.
Müsahibənin tam mətni ilə Prezidentin rəsmi səhifəsində tanış olmaq olar.