top
Azərbaycanlı xanım Koreyada xərçəngi süni intellektlə tez aşkar edən komandada - Müsahibə
13 yanvar 2026, 01:21
- +

Azərbaycanlı xanım Koreyada xərçəngi süni intellektlə tez aşkar edən komandada - Müsahibə

Gördüyü iş ilə kiməsə yararlı olduğunda, özünü xoşbəxt hiss edir. Deyir ki, işinin mənasız olduğunu düşündüyü məqamlarda isə heç də xoşbəxt olmur. Bu səbəbdən, sonunu yaxşı gördüyü layihələrdə işləyir. Bu gün işlədiyi şirkət də məhz gələcəyə faydalı olacaq missiya üzərində çalışır.

Valyuta.az-ın müsahibi Cənubi Koreyada xərçəngin araşdırılması sahəsində fəaliyyət göstərən “Lunit” startapında Süni intellekt üzrə məhsul meneceri olaraq çalışan azərbaycanlı xanım Nərgiz Əlizadədir.

Qeyd edək ki, N.Əlizadə Bakı Mühəndislik Universitetində kompüter mühəndisliyi üzrə bakalavr, Almaniyanın Braunşveyq Texniki Universitetində kompüter elmi mühəndisliyi üzrə magistr təhsili alıb.

- Nərgiz xanım, bakalavr təhsilini bitirən il Almaniyaya köçmüsünüz. Bakıda işləmədiniz?

- Xeyr, sadəcə tələbə vaxtı yay aylarında təcrübəçi olmuşam və universitetin sonunda Bakı Olimpiya Oyunlarında işləmişəm.

- Ölkə xaricində təhsil, iş həyatı planınız nə vaxtdan var idi?

- Bunu məktəb vaxtlarından düşünürdüm, əsas Almaniyaya getmək istəyirdim. Hətta bakalavr təhsili üçün də xaricə getmək istəyirdim. Yaşım az olduğu üçün valideynlərim bunu uyğun görmədilər. İndi düşünürəm ki, o yaşda bakalavr təhsili üçün xaricdə yaşamaq rahat olmazdı. Eyni zamanda, mən kompüter mühəndisliyi üzrə təhsil alırdım və o zaman bu sahə Azərbaycanda qadınlar üçün əlverişli deyildi. Təcrübə keçdiyim dövrdə bunu rahat hiss edirdim. Bu sahədə qadınlar üçün imkanlar az idi. Bizim qrupda 4 qız var idi, 1-2-si ilə əlaqəm var, bu sahədə çalışmırlar. Bu səbəblərdən Azərbaycanda davam etmək istəmirdim.

- Niyə Almaniya?

- Avropada mənə uyğun ölkənin bura olduğunu düşünürdüm. Məktəb və universitet dönəmində, bir hədəfə fokuslanmaq və dünyanı ağ-qara görmək daha rahat olur. Ona görə, sadəcə bir ölkəyə fokuslanmışdım. Eyni zamanda, Almaniyada təhsil üçün daha çox təcrübə proqramları var. Bir ölkə və bir universitet üçün müraciət etdim.

- Təqaüd qazanmışdınız, yoxsa xərcləri özünüz qarşılayırdınız?

- İlk il təqaüdlü idi. Getdikdən bir il sonra Almaniyada işləməyə başladım. Həm təqaüd, həm də öz maaşım mənə bəs edirdi. Düşünürəm ki, Almaniya bu mövzuda çox yaxşıdır. Ən azından 10 il əvvəl tələbələr üçün iş tapmaq çox rahat idi. Minimum maaş çox rahat yaşamağa bəs edir. Hətta yarım gün işləsəniz də. Tələbələr üçün endirimlər çoxdur. İctimai nəqliyyat pulsuzdur, tələbə bileti ilə gedirsən. Ona görə maddi cəhətdən çətinlik çəkmədim.

- Tələbə vaxtı işləmisiniz. Bəs məzun olduqdan sonra iş tapmaq asan oldu?

- Almaniyada “Graduate” adlı proqram var. Böyük şirkətlər yeni bitirmiş tələbələr üçün təşkil edib. Yanaşma belədir ki, şirkət sizi işə qəbul edir, 2 il ərzində o şirkətdə müxtəlif sahələrdə çalışırsınız, bir növ özünüzü yoxlayırsınız. Başqa ölkələrə də göndərirlər. Bu, mənim istədiyim iş idi, çünki magistri bitirən zaman proqramist, ya da başqa sahələrə gedib-getməmək arasında qalmışdım. O proqramdakı bütün şirkətlərə müraciət etmişdim. Hardasa 50-yə yaxın şirkət var idi. Hamısından “yox” cavabları gəlirdi (Gülür). Bu da insanda məyusluq yaradır. Eybi yox, “növbəti müraciət edəcəm” deməyi bacarmalısan.

- Bəs ilk “hə”ni kim dedi?

- Nəhayət ki, “hə” deyənlər də oldu (Gülür). 2-sindən digər mərhələyə keçid qazandım. Mənə yalnız 1-i “hə” deyib işə götürdü. Bu “Continental” şirkəti oldu. Maraqlısı odur ki, həmin şirkətdən qəbul aldıqdan sonra 3-4 yerdən müsahibəyə çağırdılar. Məndə həmişə belə olur (Gülür). Amma “Continental” başlamaq üçün çox yaxşı şirkət idi. Orda çalışdığım müddətdə 6 ay Meksikada da işlədim.

- O şirkətdə müxtəlif sahələrdə özünüzü yoxlamaq imkanınız var idi. Hansı sahələrdə çalışdınız?

- İlk işim biznes analizi idi. Sonra kibertəhlükəsizlikdə çalışdım. Əlavə olaraq proqramist kimi də fəaliyyət göstərdim. Xidmət sahibi kimi çalışdım. Daha sonra tamştat işə başlayanda ilk proqramist kimi başladım, sonra isə müdirim İT menecer olaraq çalışmağımı istədi. Hansısa layihəyə rəhbərlik etmək, “Agile” prinsiplərlə layihə idarə etmək xoşuma gəldi. Amma mənə daha uyğun yol strateji yanaşmalardır. Tək bir layihə deyil, bütün təşkilatın necə yönəldilməsidir.

- Xarici şirkətlərdə çalışanların böyük qismi iş yerini 2-3 ildən bir dəyişir. Sizi 6 il “Continental”da saxlayan nə oldu?

- 6 il eyni şirkətdə qalsam da, 2 ildən bir sahəmi dəyişirdim. Böyük şirkət idi və eyni işi gördüyümü hiss etmirdim. Bundan əlavə, burada 30 ildən çox çalışan işçilər də var idi. Mentorlarımdan biri demişdi ki, iş dəyişmək üçün bir il tezdir. İkinci il də dəyişməyə bilərsən. Üçüncü il məsləhətdir. Dördüncü il isə mütləqdir. Almaniyada hər şey qaydasında idi, insanlarla münasibətim çox yaxşı idi, ancaq xoşbəxt deyildim.

- 6 il sonra niyə işi də dəyişirsiniz, ölkəni də...

- Almaniyada hər şey qaydasında idi, insanlarla münasibətim çox yaxşı idi, ancaq xoşbəxt deyildim. İrəli getmədiyimi hiss edirdim. Karyera cəhətdən yanaşanda, həyatımın bütün günlərinin eyni olduğunu hiss etməyə başladım. “How to design your work life?” kitabında bir məsləhət oxudum. Burda deyilirdi ki, karyeranızın necə getdiyini görmək üçün jurnala yazın: “Bu gün nə öyrəndim və bu gün kimə necə kömək etdim?” Mən bunu yazırdım, ancaq son həftələrdə yazmağa heç nə tapmırdım. Anladım ki, günlər monoton keçir. Artıq öyrənəcəyim nəsə qalmamışdı. Süni intellekt son illərdə çox inkişaf etmişdi və bizim şirkət o mövzuda geridə qalmışdı. O şirkətdə başqa işə keçməyin də ciddi fərq yaradacağını düşünmədim. Dedim ki, əgər dəyişmək istəyirəmsə, şirkəti də, sənayeni də, ölkəni dəyişim.

- Koreyada iş tapdıqdan sonra getdiz?

- Bəli, iş tapıb sonra getdim. Almaniyada vətəndaşlıq aldım və ilk işim Koreya Səfirliyinə müraciət etmək oldu (Gülür). Sonrakı mərhələdə orada olan bir dostumla danışarkən Asiyaya gələcəyimi dedim və o, işlədiyi şirkətdə belə bir kadra ehtiyac olduğunu dedi, mən də gəldim.

- Həm ölkəni, həm şirkəti, həm də sənayeni dəyişmək. Yəqin ki, beyninizdə çox suallarla köçmüsünüz...

- Bəli, əvvəl çox tərəddüd etdim, çünki dillərini, mədəniyyətini bilmirdim. Almaniyada hər kəs açıq idi, sözləri var idisə, deyirdilər. Koreyalılar heç vaxt demir ki, mümkün deyil. Deyirlər ki, çətindir. Çətin o deməkdir ki, mümkün deyil. Mən bura gələndə, “Çətindir” deyirdilər, deyirdim ki, çalışaq edək. Hamı çaşıb qalırdı ki, bu nə etmək istəyir? Çünki onlar bilir ki, bu mümkün deyil. Bu kimi nüanslara öyrəşmək, həyatı sıfırdan başlamaq, yeni dostlar tapmaq çətin olur. Bundan əlavə, illərlə Almaniyada Hannoverdə yaşamışdım və böyük şəhər üçün darıxmışdım. Həyatın aktiv olduğu şəhərdə yaşamaq istəyirdim. İnsanlar isə gözlədiyimdən daha açıq idilər. Ünsiyyət qurmağa, kömək etməyə çaışırlar.

- “Lunit” bir startapdır. Bu layihədən danışaq.

- Süni intellekt vasitəsi ilə ağciyər və döş xərçəngini müəyyən edən bir startapdır. Məsələn, Avropada yetərincə radioloq yoxdur. Buna görə həkimə müraciət etdikdə, cavabların çıxması uzun çəkir. Demək olar ki, süni intellekt bəzi xərçəng növünü həkimdən daha dəqiq tapır. Bəzən həkimdən 2-3 ay əvvəl bunu deyə bilər. Bilindiyi kimi xərçəngin tez üzə çıxması sağalma ehtimalını artırır. Bundan əlavə, onkoloji xəstəliklər zamanı hüceyrələri oxuyub hansı dərmanın uyğun olub-olmadığına tez qərar verə bilir. Bu mövzuda çalışmaq və dünyaya bu sahədə fayda vermək mənim daha çox xoşuma gəlmişdi.

- Sizin gördüyünüz iş nədən ibarətdir?

- Bu işdə süni intellektin inkişafı, öyrənməsi, analiz etməsi üçün biz başqa ölkələrdən, xəstəxanalardan datalar yığmalıyıq. Milyonlarla rentgen şəkli almaq lazım olur. Bunu alarkən, bütün yazılarının olub-olmaması və əldə olunan şəkillərin anonim olmasını yoxlayırıq. Qanuni olaraq bu rentgen sahiblərinin yaşı, kimliyi bilinməməlidir. Dataları necə gətirmək, qayda və qanunlarla necə işləməyi görürəm.
Bu layihədə dünyada ilk olduğu üçün dövlətlər həkimsiz kompüterin diaqnozuna güvənə bilmirlər. Mən isə bu mövzuda qanunlara, datalara baxıb etik olub-olmadığına və həll yollarına baxaraq bu işdə şirkətə yardımçı oluram.
Şirkətdə başqa bir layihəyə də başlamışıq. Orda da layihə meneceriyəm.

- Böyük şirkətdə çalışmısınız, indi isə startapdasınız. Fərq nələrdir?

- Startap deyəndə, çox adam elə düşünür ki, kiçik kollektivdir. Əslində, isə startapda 250-dən çox insan çalışır. Burada hər kəs ambisiyalıdır. Almaniyadakı şirkətdə 6 aya görülən işin startapda 2 həftəyə bitirilməsi planlaşdırılır. Burada hər işin mükəmməl görülməsi vacib deyil. “Böyük plan quraq, onun əsasında çalışaq” kimi yanaşmırlar. Hər kəs bacardığı işi görür. Çünki pul limitsiz deyil.
Məsələn, böyük şirkətdə sənə layihə verilir, deyirsən ki 2 ilə təhvil verəcəm, deyirlər, yaxşı. Startap isə 2 il yaşayıb-yaşamayacağını bilmir. Bu ay məhsulu yaradıb, gələn ay marketinqini aparıb satmasaq, 5 ay sonra pulumuz olmur. Hər kəs bunun düşüncəsində olduğu üçün işlər daha tez gedir.

- Hazırda işlədiyiniz layihə texniki olsa da, tibblə əlaqəlidir.

- Anam həkim olduğu üçün özümü tibb sahəsinə yaxın hiss etmişəm, ancaq yenə də ilk bu işə başladığımda, kompüterdə rentgen şəkillərinə baxmaq mənə pis təsir edirdi. Çünki şəklə baxılırsa, deməli, orda problem var. Düşünürdüm ki, görən o adamın neçə yaşı var? Həkimə gedəndə özünü necə hiss edib? Görəsən, indi necədir? Bu insanların həyatı, həkimə getdiyi zaman keçirdiyi hisslər məndə məyusluq yaradırdı. 6 aya buna öyrəşdim, İndi isə bu mövzulara peşəkar biri olaraq baxıram.

- İşə gedərkən özünüzü xoşbəxt hiss edirsiz?

- Əgər işdə yararlı ola, kiməsə yardım edə bilirəmsə, özümü xoşbəxt hiss edirəm. İşimin mənasız olduğunu düşündüyüm məqamlarda işdə xoşbəxt olmuram. Bəzi layihələr var ki, başlayanda, artıq 2 il sonra heç kimə yararı olmayacağını anlayırsan və bu məni məyus edir. Ancaq sonunu yaxşı gördüyüm vaxt daha həvəslə çalışıram.

- Qeyd etdiz ki, əlaqələriniz sayəsində indiki şirkətdə iş tapa bilmisiz. Ümumiyyətlə, netvörkinqi karyera üçün nə dərəcədə önəmli hesab edirsiniz?

- Sadəcə əlaqələri sayəsində kiminsə qabağa gedəcəyini düşünmürəm. Kiminsə sadəcə səni tanıdığı üçün iş təklif edəcəyini də deyə bilmərəm. Bunun üçün işlədiyin hər insanda pozitiv təəssürat yaratmaq lazımdır. Əgər onlar bu insanla iş gedəcəyini, problemləri həll etmə bacarığını görürlərsə, səni başqa şirkətlərə də məsləhət görəcəklər. Əlavə olaraq bizə müraciət edən müştərilərin də razı qalması önəmlidir. Müştərilər də səni işə dəvət edə bilər.

- Bəs xarakter?

- Xarakterə gəldikdə isə, mən istənilən problemin həllinə açıq insanam. Hardasa bir layihədə pul çox xərclənib, amma işin tamamlanma vaxtından keçibsə, xaosdur, hərə bir tərəfdədir, həvəs yoxdursa, məni elə layihələrə gətirirlər. Xaosu düzəltməyi bacardığımı düşünürəm. Elə yerdə çalışmaq xoşuma gəlir. Çox zaman başqa insanların götürmək istəmədiyi layihələrə rəhbərlik etmişəm.
Əlavə olaraq, insanlara yaxın olmağı bacarıram. İş yerində dost qazanmağı, əlaqə yaratmağı sevirəm. Normalda bir departamentdə hamının tanıdığı adam mən oluram.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Bütün Xəbərlər
Bu gün, 13:45

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

Bütün Xəbərlər
Bu gün, 13:16

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Bütün Xəbərlər
Bu gün, 12:23

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Bütün Xəbərlər
Bu gün, 12:16

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 11:06

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:49

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bütün Xəbərlər
Bu gün, 09:14

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

Bütün Xəbərlər
Dünən, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
Dünən, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
Dünən, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
Dünən, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
Dünən, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
Dünən, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
Dünən, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
Dünən, 10:59

Görünməyən imzalar

Bütün Xəbərlər
Dünən, 10:46

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Bütün Xəbərlər
Dünən, 09:33

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bütün Xəbərlər
Dünən, 09:19

Sabiq naziri evində çəkiclə qətlə yetiriblər - TƏFƏRRÜAT

Bütün Xəbərlər
21 iyul 2026, 19:30

Tənqid nə vaxt qəddarlığa çevrilir?

Bütün Xəbərlər
21 iyul 2026, 17:51

Beyninə 5 çip yerləşdirilən iflic şəxs yenidən hiss etməyə və hərəkət etməyə başlayıb

Oxşar xəbərlər