Bərdədə bacısını öldürməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Bu haqda dekabrın 17-də Report məlumat yayıb.
Gəncə Agır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxış iclası dekabrın 29-a təyin edilib.
Qətl hadisəsi bu il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib. Fəqan Cabbarov bacısıyla aralarında yaranmış mübahisə zamanı bıçaqla ona müxtəlif xəsarətlər yetirərək qətlə yetirib.
İlkin iddialara görə, hadisədən bir müddət əvvəl mərhumun ailəsində yaranan söz-söhbətlərə görə ər evini tərk edərək dayısıgilə gedib. Qardaşı onu o evdən götürüb öz evlərinə gətirərkən əkin sahəsində taksidən düşürüb. Qadın qaçmaq istədikdə F.Cabbarov ona bıçaqla zərbələr endirib.
2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.