Bakının Binəqədi rayonunda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Baş Prokurorluq oktyabrın 15-də məlumat yayıb.
Hadisə bugün saat 09:00 radələrində baş verib. Ramil Səfərov 37 yaşlı həyat yoldaşını aralarında yaranmış mübahisə zamanı bıçaqlayaraq öldürməkdə şübhəli bilinir.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Analoji hal oktyabrın 8-də qeydə alınıb. Xırdalan şəhərində ər bıçaqla çoxsaylı xəsarətlər yetirərək arvadını öldürüb.
Baş Prokurorluğun məlumatına əsasən, bu ilin ilk 6 ayı ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib. Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.