Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan, qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan, həmçinin oğurluq edən ümumilikdə 4 nəfər saxlanılıb. Bu haqda aprelin 1-də Report məlumat yayıb.
Saxlanılan şəxslərin ikisindən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub.
3-cü şəxs isə mağazaların birindəki kassadan 1500 manat pul oğurlayıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib.
Polis əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən Masallı rayon sakini saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı atəş üçün yararlı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.
Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.