Azərbaycanda hər il 18 sentyabr tarixinin “Milli Musiqi Günü” kimi qeyd edilməsi Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. 1995-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün “Milli Musiqi Günü” kimi qeyd olunmasına başlanılıb.
Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Maestro Niyazi qoydu. Bəstəkar və dirijor Niyazi əmisi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyri-rəsmi qeyd edirdi. Hər il 18 sentyabr indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyi altında bəstəkarın əsərlərini ifa edirdi.
Milli Musiqi Günü ilə əlaqədar hər il sentyabr ayında Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı və digər tədbirlər həyata keçirilir.