İmtahanlarda təhlükəsizliyin artırılması məqsədilə buraxılış rejimini aparan namizədlərin elektron qeydiyyatına başlanılır. Qeydiyyat 7 yanvar 2022-ci il saat 18:00-dək davam edəcək. Bu haqda dekabrın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Qeydiyyatdan Azərbaycan vətəndaşı olan, məhkumluğu olmayan, ali və ya orta ixtisas təhsilli, hər hansı bir təşkilatda işləyən, yaşı 21-40 arasında olan qadınlar keçə bilər. Namizədlər fiziki və psixoloji cəhətdən sağlam olmalıdırlar. COVID-19 vaksin və ya immunitet sertifikatının olması zəruridir.
Namizədlər qurumun saytında “Şəxsi kabinet” açmalı və daha sonra verilən link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Buraxılış rejimini aparan əməkdaşa dair tələblər və onun vəzifələri ilə buradan tanış olmaq olar.
Qeydiyyatdan uğurla keçən namizəd DİM-ə dəvət olunaraq sənədləri yoxlanılır və ilkin müsahibədən keçirilir. Müsahibədən uğurla keçənlər müvafiq təlimlərə cəlb olunacaq. Qeydiyyat və müsahibə mərhələsi ödənişsizdir.