Ölkədə 2021-ci ildə bir neçə erkən nikahın qarşısı alınıb. Bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən noyabrın 3-də məlumat verilib.
Ailə Məcəlləsinə əsasən, Azərbaycanda nikah yaşı 18-dir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, erkən nikahlar yenə də baş tutur və əvvəl olduğu kimi qızların 14-15 yaşlarından ərə verilməsi faktları var.
İyul ayında Astarada 16 yaşı belə tamam olmayan qızın 30 yaşlı kişiylə nişanlanma faktı üzə çıxıb. Məsələ ictimailəşdirildikdən sonra, nişan və toy mərasiminin keçirilməsinin qarşısı alınıb. Həmin ay Şəkinin Kiçik Dəhnə kəndində də 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdır. Hüquq-mühafizə orqanlarının bu işə qarışdıqlarından sonra, yeniyetmə ata evinə geri qaytarılıb, ailə isə nəzarətə götürülüb.
Cari ilin iki rübü ərzində 30 erkən nikah qurbanı olan qadın sığınacağa müraciət edib. Bu haqda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. “Erkən nikah halları məişət zorakılığına gətirib çıxardır. Bu ilin beş ayında sığınacağa müraciət edənlərin 20%-i erkən nikaha daxil olanlardır”, - deyə İctimai Birliyinin rəsmisi vurğulayıb.
Ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idi. Qanunvericilikdə nikah yaşının qaldırılması və qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi nəticəsində bu göstərici azalıb. Belə ki, 2020-ci ildə yetkinlik yaşına çatmamış gəlinlərin sayı azalaraq 165 olub.
Qeyd edək ki, respublikada erkən nikaha cəlb etməyə görə 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.