Oskar Komitəsinin seçimi ilə 94-cü Akademiya Mükafatlarında “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi təmsil edəcək. Bu haqda noyabrın 17-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı məlumat verib.
Bədii filmdə dünyanın şahmat qrosmeysterlərindən biri olan qəhrəmanın özünü kəşf etmək üçün bir nəfər sakini olan adaya getməsindən bəhs edilir.
“Daxildəki ada” filmi “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” studiyaları tərəfindən hazırlanıb.
Oskar mükafatlandırma mərasimi 2022-ci ilin 27 mart tarixində baş tutacaq.
Daha öncə, ötən il “Daxildəki ada” Sarayevo Film Festivalında Azərbaycanı təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Bu, festivalın əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı bədii Azərbaycan filmidir.