Ölkəyə idxal olunan bal sahibkarlara yerli məhsulun satışında çətinlik yaradır. Bu sözləri Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov FED.az-a 4 noyabr tarixində verdiyi müsahibədə bildirib.
“Biz ildə 7 min ton bal istehsal edirik və təxminən 6 min ton bal tükədirik. Balımız artıqdır və fermerlərin balı sata bilməmək problemi var. Üstəlik xaricdən də bal gətirilir”, - deyə Bədrəddin Həsrətov bildirib. Onun fikrincə, yerli bazarları qorumaq üçün bal idxalına məhdudiyyətlər qoyulmalıdır: “İdxal dayandırılsın ki, daxili istehsal qorunsun və satış stimullaşdırılsın”.
Həmçinin sədr əlavə edib ki, məsələni həll etmək üçün xarici bazarlar araşdırılmalıdır və Azərbaycan balı digər ölkələrə ixrac olunmalıdır. “Hazırda cüzi həcmdə ixrac eləyə bilirik, əsasən də ərəb ölkələrinə. Məsələn, biz Avropa ölkələrinə bal ixrac eləyə bilmirik. Çünki Avropa bazarı Azərbaycandan heyvan mənşəli qidaları qəbul etmir. Yaponiya bazarına da baş vura bilərik, vaxtilə ora az da olsa, bal ixrac etmişik. Sonra pandemiya dövründə müəyyən problemlər oldu və ixrac dayandı”, - B.Həsrətov ixracla bağlı sualı şərh edib.
Azərbaycanda 550 min arı ailəsi saxlanılır. Bu sahədə təxminən 22 min insan məşğuldur. Son beş ildə arı ailələrinin sayı 200 mindən, arıçıların sayı isə 7 mindən çox artmışdır. Arıçılıq daha çox Şəki-Zaqatala və Daşkəsən-Gədəbəy bölgələrində yayılıb. Bununla yanaşı, işğaldan azad olunan Kəlbəcər və Laçın ərazisi də qədimdən arıçılıq rayonları hesab olunub.
Hazırda ölkədə balın orta qiyməti 20-25 manat arasında dəyişir.