Bugün, oktyabrın 16-da Füzuli Hava Limanına beynəlxalq status verilib. Bu barədə AZAL-ın Facebook səhifəsində paylaşım edilib.
Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, aeroport artıq beynəlxalq uçuşlar üçün açıqdır. Bu, Qarabağın turizm potensialının inkişafına töhfə verəcək. Məlumata görə, statusun verilməsi haqqında qərar hava limanında bütün tikinti işləri bitəndən sonra qəbul edilib.
Əlavə olaraq, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası tərəfindən Füzuli şəhərinin adı ilə bağlı FZL kodu verilib.
Eyni zamanda, Laçın və Zəngilanda da beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.
Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də AZAL-ın ən böyük sərnişin təyyarəsi ilə baş tutmuşdur. Həmin təyyarə “Qarabağ” adını daşıyır. Uçuş müddəti təxminən 35 dəqiqə təşkil etmişdir.
Qeyd edək ki, Füzulidə hava limanının açılışında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı nəzərdə tutulub.