Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakansiyalar elan olunub. Bu barədə AZAL 25 avqust tarixində öz rəsmi səhifəsində məlumat yayıb.
İxtisas seçimi müsabiqə əsasında aparılacaq. Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. Vakansiyaların siyahısı ilə AZAL-ın rəsmi səhifəsində tanış olmaq olar. Maraqlanan namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.
AZAL-ın prezidenti Cahangir Əsgərovun sözlərinə görə, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir. Qurumun rəhbəri Füzulidə hava limanının ən yaxın günlərdə istismara təhvil veriləcəyini və bu limanın regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcəyini bildirib.
Qarabağ regionunda bundan əlavə Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi davam edir.