top
“Hələ özümü məşqçi kimi görmürəm, amma bəzən içimdən komandaya tövsiyələrimi vermək keçir” - Yelena Parxomenkonun MÜSAHİBƏSİ
14 oktyabr 2025, 00:54
- +

“Hələ özümü məşqçi kimi görmürəm, amma bəzən içimdən komandaya tövsiyələrimi vermək keçir” - Yelena Parxomenkonun MÜSAHİBƏSİ

Azərbaycan millisinin və “Azərreyl” klubunun sabiq voleybolçusu Yelena Parxomenko ölkəmizin tanınmış idman simalarından biridir. O, hazırda Azərbaycanın kişilərdən ibarət milli komandasının meneceridir və həyatını hələ də voleybola həsr edir.

Yelena Parxomenko İdman.Biz-ə müsahibəsində hazırkı fəaliyyəti, III MDB Oyunları ilə bağlı təəssüratları, 2026-cı il Avropa çempionatının püşkü və gələcək planları barədə danışıb.

- Yaxın günlərdə Gəncədə keçirilən III MDB Oyunlarını izlədiniz. Turnir və Azərbaycan yığmalarının çıxışı sizdə hansı təəssüratları yaratdı?

- Mən Oyunlarda Təşkilat Komitəsinin tərəfdən voleybol yarışlarının koordinatoru idim. Arenanın oyunlara, məşq zalının istifadəyə hazırlanması, oyunların və nəqliyyatın cədvəlinin tərtibi kimi işlər bizə həvalə olunmuşdu. Əlbəttə, bu prosesdə milli federasiya da mənə böyük dəstək göstərdi. Yarışlar yüksək səviyyədə təşkil olundu. Uzun müddətdir Avropada çıxış etməyən Rusiya və Belarus kimi komandaları izləmək maraqlı idi.

Qızlardan və oğlanlardan ibarət yığmalarımız bu üç ildə uşaq və yeniyetmələr arasında voleybolun inkişafı istiqamətində görülən işlərin nəticəsini əyani olaraq göstərdilər. Qızlar bürünc medal qazandılar, oğlanlar isə dördüncü oldular.

Noyabrın 20–23-də həmin yaş qrupları üzrə Şərqi Avropa Voleybol Zonası Assosiasiyasının yarışları keçiriləcək. Bu turnir Avropa çempionatının seçmə mərhələsinə bir növ hazırlıq olacaq. Məncə, federasiya bu mərhələdə gənclər yığmaları üçün mümkün olan maksimumu edib.

- Artıq 2026-cı ildə Bakıda keçiriləcək Avropa çempionatının geri sayımı başlayıb. Püşk atılıb. Qrupdakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Avropa çempionatı qitənin ən güclü komandalarının toplanış yeridir və burada rəqibi zəif saymaq olmaz. Amma bizim alt qrupdan çıxmaq üçün yaxşı şanslarımız var. Qızlarımızın potensialını bilirəm və inanıram ki, onlar ən yaxşı oyunlarını məhz burada göstərəcəklər.

Qrup mərhələsində nə qədər yüksək nəticə qazanılsa, pley-offda da bir o qədər münasib rəqiblə qarşılaşmaq imkanı yaranacaq. Təbii ki, biz Türkiyə yığması ilə ilk mərhələdə deyil, finalda üz-üzə gəlmək istərdik.

Hazırda hər oyun milli komandanın reytinqinə təsir edir. Bu reytinq həm dünya çempionatına, həm də Olimpiadaya vəsiqə qazanmaq baxımından çox vacibdir. Hər şey öz əlimizdədir. Əsas odur ki, voleybolçular klub mövsümünü zədəsiz keçirsinlər və sona qədər mübarizə aparmağa hazır olsunlar. Faiq Qarayevin rəhbərlik etdiyi məşqçi heyətimiz çox güclüdür və komandaya düzgün istiqamət verir.

- Azərbaycanın Yüksək Liqasında yeni mövsüm öncəsi canlanma hiss olunur. “Turan” və DH Volley” kimi yeni klublar debüt edəcəklər. Sizcə, bu, çempionatın səviyyəsinə necə təsir edəcək?

- Bu gün liqanın səviyyəsini artırmaq məqsədilə yeni klublar yaradılır və bu çox sevindirici haldır. Həmin komandaların sistemində voleybolu yaxşı bilən, təcrübəli insanlar çalışır. Klublar beynəlxalq qaydalara uyğun şəkildə formalaşdırılır, heyətlərə isə öz milli komandalarında ad qazanmış oyunçular cəlb olunur. Bu da rəqabəti artıracaq.

Yeni mövsümdə çox maraqlı və gərgin görüşlər görəcəyik. Çempionu müəyyənləşdirmək də çox çətin olacaq.

- Bir ay öncə Tailandda qadınlar arasında dünya çempionatı başa çatdı və qalib İtaliya oldu. Sizcə, Azərbaycan millisi yenidən bu turnirə nə vaxt qatıla bilər?

- İndi dünya çempionatına yalnız reytinq əsasında vəsiqə qazanmaq mümkündür, çünki seçmə mərhələlər artıq keçirilmir. Bunun üçün komandamız mütəmadi yarışlarda iştirak etməli, qələbələr qazanmalı və xal toplamalıdır.

Hazırkı sistemin ədalətli olub-olmamasına əmin deyiləm. Nəsil dəyişimi dövründə bu proses bir qədər uzana bilər. Əvvəllər dünya çempionatının seçmə mərhələsində uğur qazanmaq və yeni komandanı tədricən formalaşdırmaq daha asan idi. İndi isə reytinq sistemi bunu bir qədər çətinləşdirib.

- Müasir voleybolu necə xarakterizə edərdiniz? O, sizin oynadığınız dövrdən nə ilə fərqlənir?

- 2018-ci ildə Gürcüstanda keçirilən Şərqi Avropa zonası turnirində Rusiya yığmasını son dəfə izlədim. Həmin vaxt 15–16 yaşlı İrina Fedorovtseva orada çıxış edirdi. Rusiya komandasının gənc oyunçularının zərbələrinin gücü o qədər böyük idi ki, öz-özümə dedim: “Düz etmişəm, vaxtında karyeramı bitirmişəm”.

İndi qadın voleybolu daha çox gücə əsaslanır, zərbələrin sürəti artıb. Bu da fiziki hazırlıqda yeni metodların tətbiqi ilə bağlıdır. Əgər mən hələ də oynasaydım, təbii ki, məşq proqramım da fərqli olardı. Amma hər şeyin öz zamanı var. Mən vaxtilə Çempionlar Liqasının ən yaxşı oyunçularından biri olmuşam. Meydanda bir ayaq üstə havaya qalxaraq zərbə endirmə tərzimlə həm oyunçular, həm də məşqçilər hesablaşırdılar. Öz dövrümdə mən də öz yerimdə idim. İndi isə başqa oyunçuların və fərqli voleybolun dövrüdür – bu, həyatın və idmanın təbii axınıdır.

- Məşqçiliyi düşünmürsünüzmü? Belə bir fürsət yaransa, bu yola çıxardınızmı?

- Mənim ikinci səviyyəli məşqçi sertifikatım var, həmçinin Bədən Tərbiyəsi Akademiyasını məşqçi-instruktor ixtisası üzrə bitirmişəm. Amma hələlik özümü bu sahədə görmürəm. Bəzən olur ki, meydanda hansısa epizodda nəsə demək, istiqamət vermək istəyirəm, amma bu qədər.

Hazırda Avropa Voleybol Konfederasiyasında supervayzer kursunu keçmişəm və düşünürəm ki, təşkilati sahədə davam edim. MDB Oyunlarında Təşkilat Komitəsində işləmək mənim üçün çox dəyərli təcrübə idi - həm yeni biliklər qazandım, həm də yüksək səviyyədə iş gördük.

- Sonda nə demək istərdiniz?

- Mən voleybolu sevirəm və həmişə də sevmişəm. 11 yaşımda bu idman növü ilə məşğul olmağa başlamışam. Artıq 9 ildir Federasiyada çalışıram və gələcəkdə də faydalı olmaq istəyirəm. Faiq Qarayev hər zaman bilib ki, kim hansı işi görə bilər.

Mənim arzum odur ki, Prezident İlham Əliyev yenidən milli komandanın oyunlarını ziyarət etsin. O, artıq yeni nəsil oyunçuların matçlarında iştirak edib. İdmançılar bunu qiymətləndirməli və daha yüksək nəticə göstərməlidirlər. O zaman mən də biləcəyəm ki, gördüyüm iş hədər deyil.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:26

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:14

NYT: Pentaqon İranla müharibədə həlak olanların sayını qəsdən azaldıb

Bütün Xəbərlər
Bu gün, 09:02

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Bütün Xəbərlər
Dünən, 18:00

Ağalarovun şirkəti "Crocus City Hall"a görə 36,5 milyon manat tələb edir

Bütün Xəbərlər
Dünən, 16:30

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

Bütün Xəbərlər
Dünən, 13:49

Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:45

İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək

Bütün Xəbərlər
Dünən, 13:16

Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:23

Autizmli uşağı avtobusdan düşürən sürücü ilə bağlı "BakuBus"dan AÇIQLAMA

Bütün Xəbərlər
Dünən, 12:16

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:06

Prezident İlham Əliyev Misir Prezidentini təbrik edib

Bütün Xəbərlər
Dünən, 10:49

Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sistemi genişlənir

Bütün Xəbərlər
Dünən, 09:14

UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq

Bütün Xəbərlər
22 iyul 2026, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
22 iyul 2026, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
22 iyul 2026, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
22 iyul 2026, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
22 iyul 2026, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
22 iyul 2026, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
22 iyul 2026, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
22 iyul 2026, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
22 iyul 2026, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
22 iyul 2026, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
22 iyul 2026, 10:59

Görünməyən imzalar

Oxşar xəbərlər