Hamilə və 3 yaşadək uşağı olan işləyən qadınlara Əmək Məcəlləsində müxtəlif güzəşt və azadolmalar nəzərdə tutulub. Məsələ ilə bağlı ən çox sual yaradan məqamlar “qısaldılmış iş vaxtı” (91-ci maddə) və “uşağın yedizdirilməsi üçün fasilələr” (244-cü maddə) haqqında maddələrdir.
Adi qayda ilə iş həftəsi 40 saat təkil edir. Əmək Məcəlləsinə görə, iş vaxtının müddəti hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. İşəgötürən bu müddəti azalda da bilər. İş saatlarının azadılması işəgötürən və işçi arasında razılaşdırılır.
Sərbəst auditor Altay Cəfərovun vergilər.az saytına verdiyi müsahibəki sözlərinə görə, əsasən praktikada həftənin 5 günündə hər gün iş vaxtı 1 saat qısaldılaraq, ümumilikdə 35 saatlıq iş həftəsi tədbiq edilir və bu qanun pozuntusu sayılmır.
Yaş yarımına çatmamış uşağı olan qadınlara verilən ümumi fasilədən (nahar fasiləsi) savayı, uşağını yedizdirmək (əmizdirmək) üçün hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir əlavə fasilələr verilir. Əgər qadının yaş yarımına çatmamış iki və daha çox uşağı varsa, hər fasilənin müddəti azı 1 saat müəyyən olunur. Sözügedən fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqından çıxılma olmur. İşçinin istəyinə uyğun olaraq uşağın yedizdirilməsi üçün fasilələr toplanaraq ümumi fasiləyə birləşdirilə və ya iş vaxtının əvvəlində, yaxud sonunda istifadə edilə bilər.