Şəkidə yerləşən “Gənclik” kafesində 9 nəfər dönərdən zəhərlənib. Bu barədə dekabrın 17-də DİN məlumat verib.
Vətəndaşlar qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Məlumata əsasən, zərərçəkən şəxslər barəsində məhkəmə tibbi ekspertiza təyin edilib.
Faktla bağlı “pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.
Daha öncə, dekabrın 13-də Bakıda yerləşən “Dönər Market”də kütləvi zəhərlənmə baş verib. Oradan müxtəlif saatlarda dönər almış 8 nəfər zəhərlənmə faktı ilə xəstəxanaya yerləşdirilib. Dönər evinin fəaliyyəti dayandırılıb.
AQTA qida zəhərlənmələrindən qorunmaq üçün diqqət yetirilməli məqamlar haqqında açıqlama yayıb.