Mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Bu barədə 1 sentyabr tarixində sərəncam imzalanıb.
Dəyişiklik, ölkənin ərzaq təhlükəsizliyində mühüm rola malik olan və ixrac yönümlü məhsullara aid olacaq. Həmin məhsulların siyahısı Aqrar Subsidiya Şurası tərəfindən hazırlanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində dərc edilmiş məlumata əsasən, ölkə üzrə bir hektar taxıl sahəsinin sığorta haqqı 8-12 manat arasında dəyişir. Beləliklə, bu əkin subsidiyasının cüzi hissəsini təşkil edir. Yenilik fermerlərə əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.
Azərbaycanda 15 min hektara yaxın əkin sahəsi sığortalanıb. Sığorta 60-dan çox rayonda həyata keçirilib. Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının 50%-ni fermer, 50%-ni isə dövlət ödəyir.