Azərbaycanda 32 rayon üzrə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Onlardan 43-ü fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Bu barədə 24 avqust tarixində İqtisadiyyat Nazirliyi məlumat verib.
Bugünə kimi aqroparkların yaradılmasına 173 milyon manat güzəştli kredit ayrılıb və 1,2 milyard manat özəl investisiya qoyulub.
Ölkədə fəaliyyət göstərən aqroparklarda ümumi olaraq 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. Gələcəkdə əlavə 4500-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Ötən il aqroparklarda 124 min ton buğda, 122 min ton dən qarğıdalı, 90 min ton şəkər çuğunduru, 18 min ton pambıq, 27 min ton süd və 3 min ton ət və digər təsərrüfat məhsulları istehsal olunub.