Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Bunu oktyabrın 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi deyib.
“Suitilərin üzərlərində kəsici alət izləri görünüb. Böyük ehtimalla yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də qətlə yetirilib”, - nazirlik nümayəndəsi bildirib.
Suitilərin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır. Digər aylarda şimal sahillərinə miqrasiya edirlər.
Suitilərin azalması, əsasən, 1997-ci ildən müşahidə olunur. Rusiya mütəxəssisləri ehtimal edir ki, suitilərin məhv olmasına səbəb qida qıtlığı, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, müxtəlif xəstəliklər, o cümlədən, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir.
Dünyada ən xırda növ hesab edilən endemik Xəzər suitisinin sayı XX əsrin əvvəllərində təqribən bir milyon təşkil edib. Hazırda isə onların ümumi sayı təqribən 111 mindir.