Bugün keçirilən məhkəmədə prokuror General-leytenant Rövşən Əkbərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib. Bu haqda Report oktyabrın 13-də məlumat yayıb.
Zərərçəkmişin vəkili cəza tələbinin az olduğunu deyib və təqsirləndirilən şəxsə 15 il cəza verilməsini xahiş edib.
Prosesdə öldürülən Elçin Əliyevin anası və dostu, fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev dindirilməli olsalar da, onlar məhkəməyə gəlməyiblər. Daha sonra hadisənin baş verdiyi “Sikora” kafesinin işçiləri ifadə verib.
R. Əkbərov ifadəsində hadisə günü həmin kafedə olmadığını və qətli törətmədiyini bidirib: “E.Əliyevi cəmi 2-4 dəfə görmüşəm. Onunla heç bir masa arxasında əyləşməmişəm. Kişi kimi deyirəm ki, bu qətllə əlaqəm yoxdur”.
Proses oktyabrın 22-də davam etdiriləcək.
Azərbaycanın Milli Qəhrəmanı, sabiq birlik komandiri olan Rövşən Əkbərov 16 mart 2021-ci ildə həbs edilib. Səbəb onun 20 il əvvəl törətdiyi cinayət əməlidir. General-leytenant Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinir. O vaxt yayılan məlumatlara görə, mərhumun ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilib.