Bugün, oktyabrın 21-də UEFA Konfrans Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. 3-cü turda “Qarabağ”ın qonağı Qazaxıstanın “Kayrat” klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Oktyabrın 20-nə olan məlumata əsasən, satışa çıxarılan 15 500 biletdən 13 500-ü satılıb. Xatırladaq ki, qaydalara əsasən, pandemiya səbəbindən stadionların 50%-ə qədər doldurulmasına icazə verilir.
H qrupunun digər oyununda “Bazel”lə “Omoniya” qarşılaşacaq. Hazırda 2 turdan sonra 4 xal toplayan Qurban Qurbanovun yetirmələri qrupun liderləridir. Ötən turlarda Ağdam təmsilçisi öz meydanında “Bazel”lə heç-heçə edib və səfərdə “Omoniya”ya qalib gəlib.