“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb. Bu haqda müsabiqənin rəsmi saytında 31 mart tarixində məlumat verilib.
Ümumilikdə 12 299 şəxs qeydiyyatdan keçib. Onlardan 8 495-i kişi, 3 804-ü qadındır. İkinci müsabiqəyə qeydiyyat üçün müraciət edən 3 203 namizəd ilk müsabiqədə də iştirak edib.
Qeydiyyatdan keçənlər daha çox Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərindən olub.
Hazırda qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılması həyata keçirilir.
Qarşıdakı günlərdə ümumi biliklər üzrə onlayn mərhələnin ilk sınaq imtahanı baş tutacaq. İmtahanda Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok və hər bloka aid 25 sual təqdim olunacaq.
Müsabiqənin sonunda qalib kimi 20 iştirakçı seçiləcək. Onlar bir illik mentorluq proqramına qoşulmaq və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcəklər.