Azərbaycanda yenidoğulan körpələr arasında COVID-19-a yoluxma halları qeydə alınıb. Bu haqda oktyabrın 15-də Səhiyyə Nazirliyinin nümayəndəsi Erkin Rəhimov bildirib.
Ekspertin sözlərinə əsasən, koronavirusa yoluxan və tənəffüs çatışmazlığı problemi olan uşaqlar xəstəliyi daha ağır keçirirlər.
“Bəzən həmin körpələr süni tənəffüs aparatına qoşulur. Virusdan sağalandan 2-6 həftə sonra bəzi körpələrdə ağır iltihabi proses başlayır. Bu da ürək, böyrək, ağciyərlərə mənfi təsir edir və virusun fəsadı sayılır”, - deyə nümayəndə vurğulayıb.
Həmçinin Erkin Rəhimov bildirib ki, Azərbaycanda məktəblərin açılmasından sonra uşaqlar arasında koronavirusa yoluxma hallarının sayı artıb. “Yetkin əhalinin əksəriyyəti peyvənd olunur, uşaqlar arasında isə aşılama nisbəti aşağıdır. Bütün ölkələrdə virusun uşaqlar arasında yayılma ehtimalı artır", - deyə o qeyd edib.