“Araz Supermarket” MMC antiinhisar qanunvericiliyinin pozulmasına görə barəsində qəbul edilən qərarla bağlı açıqlama verib. Bu haqda mayın 7-də Trend xəbər paylaşıb.
Açıqlamada bildirilib ki, qiymət araşdırması müstəqil marketinq tədqiqatı şirkəti tərəfindən həyata keçirilib: “Biz yalnız bu barədə media üçün bildiriş məqsədli məlumat paylaşmışdıq. Həmin yazıda qeyd edilənlər “Araz Supermarket” MMC-nin subyektiv fikirlərinə əsaslanmamışdır”.
Şirkət tərəfindən qeyd olunub ki, xəbər yayımlanarkən onun 3-cü tərəfə istinad olunduğunu nəzərə alaraq, reklam haqqında qanuna ziddiyyət təşkil etmədiyi düşünülüb.
“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən verilən qərara hörmətlə yanaşırıq. Bununla yanaşı, qərarda bəyan edilmiş cərimənin sərt olduğu qənaətindəyik”, - deyə əlavə edilib.
Qeyd edək ki, şirkətə haqsız və qeyri-dəqiq reklama görə 2,5 milyon manat maliyyə sanksiyası tətbiq edilib.
“Araz Supermarket” MMC 11 ildir ki, fəaliyyət göstərir. Şirkət 7000-dən çox əməkdaş ilə hər gün 350 mindən artıq müştəriyə xidmət edir.