Hacıqabul rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 9 iyun tarixində xəbər verir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər - Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərov da saxlanılıblar. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.