Kürdəmir rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 18 fevral tarixində məlumat verir.
Kürdəmir polisinin keçirdiyi əməliyyat nəticəsində rayon sakini Vüsal İmaməliyev saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir büküm narkotik vasitə olan heroin aşkar edilib.
Dindirilmə zamanı V.İmaməliyev narkotik maddəni tanışı olan Röyal adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon sakini Röyal Əhmədov da saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxsdən isə təmiz çəkisi 1 kiloqramdan artıq narkotik vasitə heroin götürülüb.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
V.İmaməliyev və R.Əhmədov bundan əvvəl də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıblar.