Salyanda narkotacirlər saxlanılıblar. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 9 iyun tarixində xəbər verir.
Rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb.
Bundan əlavə, əməliyyat tədbirlərinin davamı olaraq, H.Məcidovun idarə etdiyi nəqliyyat vasitəsinə və Ə.İlyasovun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, marixuana və elektron tərəzilər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.