Səhiyyə Nazirliyinin baş pediatrı avqustun 6-da “İnstagram” səhifəsindəki canlı yayımda vaksinlə bağlı çağırış edib.
Onun sözlərinə görə, hələ uşaqlara koronavirusa qarşı vaksin vurulmur və bu səbəbdən onları qorumaq üçün hamı peyvənd olunmalıdır.
“Heç bir peyvənd 100 faiz qorumur. Amma elmi tədqiqatlar göstərir ki, yoluxma olsa belə, peyvənd reanimasiyaya düşmə və ölüm hallarından 95 faiz qoruyur”, - deyə baş pediatr qeyd edib.
O həmçinin deyib ki, əhalinin 70-80 faizinin peyvənd olunması lazımdır: "Bəzi xərçəng xəstələri və digər xəstəlikləri olanlar peyvənd oluna bilmir. Biz peyvənd olunmaqla onları da virusdan qorumuş oluruq”.
Azərbaycanda son sutkada COVID-19-a 1242 nəfər yoluxub, 8 nəfər isə vəfat edib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 311 119 təşkil edir.