III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinə 2022/2023-cü tədris ilindən etibarən coğrafiya əlavə ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi oktyabrın 27-də xəbər verib.
Yeni qərara əsasən, III qrupda olan ixtisaslar dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünüb. TC altqrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın 2-ci mərhələsində tarix, Azərbaycan və ya rus dili fənləri ilə yanaşı coğrafiya fənnindən imtahan verəcəklər. DT altqrupunda olan ixtisaslara daxil olmaq istəyən abituriyentlərin isə ədəbiyyatdan imtahan vermələri planlaşdırılır.
Hər iki altqrupda olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə 2-ci mərhələdə Azərbaycan və ya rus dili, tarix, ədəbiyyat və coğrafiya fənləri üzrə imtahan verməlidirlər.
İmtahanlardan sonra həmin abituriyentlər universitetlərə elektron ərizə doldurarkən öz istəklərinə əsaslanaraq iki altqrupdan birini, yaxud hər iki altqrupu seçə biləcəklər.
Daha öncə, 2021-ci il 9 sentyabr tarixində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II qrupdan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.