Naxçıvan Baş Gömrük İdarəsinin həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək dövriyyədən çıxarılıb.
İnsanoid.com xəbər verir ki, qanunsuz daşınan narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsində müəyyən olunub.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşən akkumulyator "X-ray" stasionar rentgen qurğusundan keçirilərkən orada şübhəli cizgilər müşahidə edilib. Bu əsasla aparılan ətraflı baxış zamanı akkumulyatorun içərisinə xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan paket aşkar olunub.
Paketlərin daxilində ümumi çəkisi 5 kiloqram 254,397 qram olan metamfetamin adlı güclü təsirə malik psixotrop maddə aşkarlanıb. Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma davam etdirilir.