Ölkədə indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb, 89 674 sinifdən isə 505 sinif distant təhsilə keçirilib. Bu haqda Təhsil və Səhiyyə nazirlikləri oktyabrın 22-də birgə məlumat yayıb.
Məlumatda yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidinin planlaşdırılmadığı qeyd edilib.
Qurumlar, həmçinin valideynlərə 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etməyi tövsiyə edir. Onların peyvəndlənməsi iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.
Bununla yanaşı, Səhiyyə Nazirliyi müəllimlərin vaksinasiyası haqqında da açıqlama verib: “Deltanın gündəmdə olması və havanın dəyişməsi epidemiyanın yayılması riskini artırır. Bunları nəzərə alaraq, müəllimlərin üçüncü doza ilə peyvəndlənməsi zəruridir”.
Hazırda 72 sinif artıq əyani təhsilə qayıdıb, 433 sinifdə isə distant təhsil davam edir. Bu günə qədər 1 595 108 şagirddən 3477-si, məktəblərdə çalışan 229 871 işçi heyətindən isə 2494-ü COVID-19-a yoluxub.