Azərbaycana İrandan qaçaqmalçılıq yolu ilə 102 kiloqram 424 qram narkotik keçirilməsinin qarşısı alınıb. Bu haqda Dövlət Sərhəd Xidməti (DSX) oktyabrın 12-də məlumat yayıb.
Biləsuvar rayonunun Biləsuvar kəndində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan 19,6 kiloqram narkotik vasitəyə və güclü təsirli dərmana bənzər maddələr aşkarlanıb. Bu hadisə oktyabrın 11-də qeydə alınıb.
Bununla yanaşı, həmin ərazidə axşam saatlarında 3 naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub. Onlardan biri saxlanılıb, digərləri isə qaçıb. Saxlanılan şəxsin çantasına keçirilən baxış zamanı təxmini çəkisi 35,6 kiloqram olan narkotik tapılıb. Araşdırma zamanı onun İran vətəndaşı Şahmüqəddəm Cəfər Həsən olması məlum olub.
Oktyabrın 12-də isə Xəzər dənizinin cənub istiqamətində sərhədçilər şübhəli bağlama aşkarlayıb. Bağlamada 47,2 kiloqram narkotik vasitəyə və psixotrop təsirli dərmanlara oxşar maddələr tapılaraq götürülüb.
Oxşar hadisə sentyabrın 30-da baş verib. İrandan Azərbaycana keçmək istəyən şəxs DSX-nın əməkdaşları tərəfindən saxlanılıb. Ondan 10 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.