Azərbaycanda ilk dəfə olaraq tinglərin sifarişi və əkilməsi üçün onlayn xidmət istifadəyə verilib. Bu xidmət “Yeni nəfəs” layihəsi çərçivəsində həyata keçirilir. Bu barədə oktyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Tinglərin əkilməsini yeninefes.az saytı vasitəsilə onlayn sifariş vermək olar.
Sayt üzərindən fidan əkilməsi sifarişi həyata keçirənlərə təsdiq sertifikatı göndərilir. Tinglər əkildikdən sonra isə sifarişçiyə fidanın dəqiq GPS koordinatları və fotoları göndərilir. İstənilən halda hər bir fidana ad da verilə bilər.
Məlumata əsasən, “Yeni nəfəs” layihəsi ilə bu ilin əkin mövsümündə Bakının Binəqədi rayonu, Xocasən gölü ətrafında xeyli sayda tinglər əkilib.
Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulur.