Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov məhkəmənin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə APA sentyabrın 30-da məlumat yayıb.
Bundan əvvəl, Qoca Səmədov səhhətində yaranan problemə görə başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Səmədovun 236 000 manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. O, həmçinin 2017-2019-cu illərdə dövlət büdcəsindən Yevlax şəhərində abadlıq işləri üçün ayrılan 616 000 manatın məniməsində şübhəli bilinir.
Sabiq icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə əməlləri üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunub.